İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir.

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq. 

Azərbaycanda yaşayan və işləyən Türkiyə vətəndaşlarının qardaş ölkədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üzrə səsverməsi başlayıb. Üç gün davam edəcək proses Türkiyənin Bakıdakı səfirliyinin, eləcə də Gəncə və Naxçıvandakı Baş konsulluqlarının binasında təşkil olunub. Azərbaycanda yaşayan türkiyəli seçicilərin sayı 6 600 nəfərə yaxındır. 

Bu gün revanşist və işğalçı xislətli ermənilər Ermənistanın Laçın rayonu ilə sərhədində yerləşən Gorunzur("Kornidzor") kəndi yaxınlığında Azərbaycan əleyhinə aksiya keçirməyi planlaşdırır. Bu haqda "Pastinfo" nəşrinə açıqlamasında aksiyanın təşəbbüskarlarından biri, "Könüllülər hərəkatı"nın üzvü, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının səfərbərlik-təşkilat idarəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Artaşes Mxitaryan danışıb. 

Bu gün İçərişəhərdə, Qoşa Qala qapısı ərazisində “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərxalça” ASC, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə ənənəvi olaraq keçirilən növbəti “Atma-yarat-sat” sosial layihəsi çərçivəsində tədbir keçiriləcək. Layihənin məqsədi lazımsız hesab edilən əşyaların yaradıcı insanların toxunuşu ilə sənət əsərinə çevrildiyini əyani şəkildə nümayiş etdirmək, tullantıların həcmini azaltmaq, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına dəstək vermək və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına köməklik göstərməkdir.  

Bu gün Astara rayonu dənizkənarı park-bulvar kompleksində təhsil festivalının keçirilməsi nəzərdə tutulur. Festival Lənkəran-Astara Regional Təhsil İdarəsi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq. Festivalda Elm və Təhsil Nazirliyinin rəsmiləri, millət vəkilləri, tanınmış ictimaiyyət nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər olmaqla ümumilikdə 5000-dən çox izləyicinin iştirakı gözlənilir. Təhsil festivalının gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, intellektual oyunlar, təhsil proqramları, ixtisas seçimi, təhsil kreditləri və müxtəlif mövzulara dair mühazirələr daxildir. 

ABŞ prezidenti Co Bayden bu gün Yeddilik Qrupuna (G7) ev sahibliyi edən Xirosimada keçiriləcək Dördtərəfli Təhlükəsizlik Dialoqu (Quad, Avstraliya, Hindistan, ABŞ və Yaponiyanı birləşdirir) liderlərinin görüşündə iştirak edəcək. 

Gürcüstanın “Georgian Airways” aviaşirkəti mayın 20-dən Tbilisidən Moskvaya uçuşlar həyata keçirəcək. Bu barədə ölkənin Mülki Aviasiya Agentliyi məlumat yayıb.