İqtisadiyyat.az bu gün baş verəcək hadisələri təqdim edir. 

Bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında üçtərəfli görüş olacaq. Görüşdə Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə olunacaq. 

Bu gün saat 12:00-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Gəncədəki Heydər Əliyev Mərkəzində bu şəhərdən olan vətəndaşları qəbul edəcək. Vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı müraciət edə bilərlər.

NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və nümayəndə heyətinin üzvləri – parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev bu qurumun yaz sessiyasında iştirak etmək üçün bu gün Lüksemburq Böyük Hersoqluğunun paytaxtı Lüksemburq şəhərinə səfər edəcəklər. NATO PA-nın yaz sessiyasında transatlantik iqtisadi münasibətlərin və dayanıqlığın yenidən qurulması, ərzaq təhlükəsizliyi və münaqişələr, NATO-nun açıq qapı siyasətinin gələcəyi və digər mövzularda məruzələr dinləniləcək, müvafiq qərarlar qəbul ediləcək. Səfər mayın 23-də başa çatacaq.

Bu gün saat 10:00-13:00-a qədər işaxtaran və işsiz şəxslərin müvafiq inzibati ərazi vahidi üzrə mövcud olan vakant iş yerləri haqqında məlumat əldə etməsi və aktiv məşğulluq tədbirlərinə cəlb olunması məqsədilə Səbail rayonu, Azadlıq prospekti 1 ünvanında yerləşən “Hilton” hoteldə əmək yarmarkası keçiriləcək.

YARAT Müasir İncəsənət Muzeyində bu gün “Muzey gecəsi” təşkil olunacaq. Tədbirdə iştirakçıları immersiv və düşündürücü səyahət gözləyir. İlhamını Karl Qustav Yunqun məşhur arxetiplər nəzəriyyəsindən alan tədbir, "kölgə" anlayışına əsaslanıb. Beləliklə, “Kölgə arxasında” şüarı altında təqdim olunan tədbirdə, hər bir iştirakçı özünü anlamağa və ifadə etməyə fürsət əldə edəcək. “Muzey gecəsi” layihəsi Dənizkənarı Bulvar İdarəsi, “Meatadore” və “iTicket” platformasının dəstəyi ilə həyata keçirilir. Bütün tədbirlərə giriş ödənişsizdir. Layihə çərçivəsində konsert proqramları və ustad dərslərinin təşkili də nəzərdə tutulur. İştirak etmək istəyənlər https://iticket.az/ru/events/other/museum-night linkindən qeydiyyatdan keçə bilərlər.

Bu gün Türkiyədə prezident seçkilərinin birinci turunun yekun nəticələri açıqlanacaq. Mayın 28-də seçkilərin ikinci turu keçiriləcək.

Bu gün Türkiyə prezidentliyinə seçkilərin ilk turunda "ATA İttifaqı"nın namizədi olmuş Sinan Oğan ikinci turda kimə dəstək verəcəyini ictimaiyyətə açıqlayacaq. Bu barədə türkiyəli jurnalist Kürşat Oğuz məlumat yayıb.

Bu gün Moskvadan Tbilisiyə ilk uçuş həyata keçiriləcək. Gürcüstan Rusiyanın "Azimut" şirkətinə uçuşlar həyata keçirməyə icazə verib.