İqtisadiyyat.az bu gün baş verəcək hadisələri təqdim edir. 

Baş prokuror Kamran Əliyev bu gün saat 10:00-da Yevlax rayon prokurorluğunun inzibati binasında Yevlax, Naftalan, Bərdə, Tərtər, Goranboy, Xocalı rayon və Mingəçevir şəhər sakinlərinin qəbulunu keçirəcək. 

Bu gün Azərbaycanda muzeylərdə “açıq qapı” günü olacaq. 18 may - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar vətəndaşlar və ölkəmizin qonaqları sabah ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edəcəklər.

Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı müzakirələr davam edir və bu gün razılaşma əldə olunması gözlənilir. Bu razılaşmanın əldə olunması qlobal ərzaq qiymətlərini aşağı saxlamaq üçün vacibdir. Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Bundan əvvəl Rusiya Qara Dəniz Taxıl Təşəbbüsünün müddətini 60 gün, yəni mayın 18-dək uzadıb.

Ermənistan parlamentinin spikeri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti mayın 18-də Minskdə KTMT Parlament Assambleyası Şurasının sessiyasında iştirak edəcək. Bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Bu gün Rusiyanın tələbi ilə Ukraynaya silah verilməsi məsələsini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının sessiyası çağırılacaq. Bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa məlumat verib.

ABŞ prezidenti Co Bayden bu gün Yaponiyada Baş nazir Fumio Kişida ilə görüşmək niyyətindədir. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bu gün UEFA Avropa Liqasında və Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. İspaniya "Sevilya"sı "Yuventus"u, Almaniyanın "Bayer" klubu "Roma"nı qəbul edəcək. Konfrans Liqasında isə İsveçrə "Bazel"i "Fiorentina"nı qəbul edəcək. Digər matçda isə Niderlandın "AZ Alkmaar" klubu İngiltərə "Vest Hem"ini qonaq edəcək. Görüşlər Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.