İqtisadiyyat.az bu gün baş verəcəyi gözlənilən hadisələri təqdim edir. 

Bu gün saat 10:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Ağcabədi şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının inzibati binasında Tərtər, Bərdə, Ağdam, Laçın və Ağcabədi rayonlarının sakinlərini qəbul edəcək. Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Milli Xalça Muzeyində silsilə tədbirlər təşkil olunur. Bu gün gənc nəsli iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi kimi əhəmiyyətli qlobal problemlərlə bağlı maarifləndirmək məqsədilə saat 16:00-da İqlim Dəyişmələri Mərkəzinin direktoru Cəmilə Məmmədova tərəfindən mühazirə keçiriləcək.

Bu gün 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi başlayır. Tədbir mayın 17-dən 19-dək Bakı Ekspo Mərkəzində keçiriləcək.

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə bu gün keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi təxirə düşüb. "Report"un Qərb bürosunun məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi təxirə salınaraq mayın 24-nə təyin olunub.

Bu gün Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş olunacaq. Tamaşanın nümayişi Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunacaq. Təqdim olunacaq balet tamaşasında əsas rolları Əməkdar artistlər Anar Mikayılov, Nigar İbrahimova, aparıcı solistlər Ayan Eyvazova və Seymur Qədiyev ifa edəcəklər. Tamaşanın dirijoru Orxan Həşimov, balet truppasının bədii rəhbəri Kamilla Hüseynovadır. Biletləri şəhərin bütün kassalarında və iticket.az saytından əldə etmək olar.

Bu gün Bakıda bədii gimnastika üzrə Avropa çempionatına start veriləcək. “Ulduz kimi parla” şüarı ilə keçiriləcək qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparacaq. Çempionata mayın 21-də yekun vurulacaq.

Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi, “Karvan” Art Qrupun təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Qarabağ” adlı sərgi təşkil olunacaq. Sərgi bu gün Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində (Ünvan: Bakı şəhəri, Rəşid Behbudov küçəsi 3) açılacaq. Sərginin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzurun Ermənistanın işğalı dövründə ermənilər tərəfindən dağıdılmış maddi və mədəni irsimizi, bu coğrafiyanın təbiət gözəlliklərini, tarix-memarlıq abidələrini və etnoqrafik xüsusiyyətlərini bəşər mədəniyyətinin çox qiymətli inciləri kimi ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Azərbaycanlı futbol hakimi Elçin Məsiyev U-17 Avropa çempionatının final mərhələsinin oyununa təyinat alıb. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. FİFA referisi bu gün Şotlandiya - Fransa görüşündə referi olacaq Ona yan xətt hakimləri qismində Elşad Abdullayev və yunanıstanlı hakim Konstandinos Psarris kömək edəcəklər. Qeyd edək ki, UEFA U-17 Avropa çempionatının final mərhələsi 17 may - 2 iyun tarixlərində Macarıstanda keçiriləcək.

ABŞ prezidenti bu gün Xirosimaya gedəcək. Co Bayden orada keçiriləcək G7 Liderlərinin Sammitində iştirak edəcək. Mayın 18-21-də keçiriləcək Sammitdə G7 liderləri bir sıra ən həssas məsələləri müzakirə edəcəklər.

Bu gün UEFA Çempionlar Liqasında sonuncu finalçı bəlli olacaq. Yarımfinalın cavab qarşılaşmasında “Mançester Siti” İngiltərədə Madrid “Real”ını qəbul edəcək. Matç 23:00-da başlayır. Komandalar arasında ilk qarşılaşma 1-1 hesabı ilə başa çatıb.