İqtisadiyyat.az bu gün gözlənilən hadisələrin siyahısını təqdim edir. 

Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi bu günə nəzərdə tutulub. Dövlət Sosial Müdafiə Fondundan verilən xəbərə görə, bu gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Bu gün Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclası keçiriləcək. İclasda bir çox xarici ölkə parlament nümayəndələrinin iştirakı da nəzərdə tutulur. 

Belarusun Nümayəndələr Palatasının sədr müavini Valeri Mitskeviç bu gün Bakıya gələcək. Onun Azərbaycan parlamentinin növbədənkənar iclasında salamlama nitqi ilə çıxış edəcəyi, həmçinin Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcəyi planlaşdırılır.

Beynəlxalq Muzeylər Günü münasibətilə 16-18 may tarixlərində Azərbaycan Milli Xalça Muzeyində silsilə tədbirlər təşkil olunacaq. Tədbirlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutacaq. Bu gün saat 12:00-da xüsusi yaradılmış “Çələbi” otağında 13 yaşdan yuxarı uşaqlar üçün Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Pərvin Müslümzadə “Mənim dünyam” adlı art terapiya seansı təqdim edəcək.

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi, türkiyəli mütəxəssis Ataman Güneyligilin iştirakı ilə Voleybol Mərkəzində mətbuat konfransı keçiriləcək. Tədbir saat 12:00-da başlanacaq. 

Bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu üçün namizədlərin təbliğat kampaniyasına start veriləcək. 

ABŞ prezidenti Co Bayden bu gün Nümayəndələr Palatasının spikeri Kevin Makkarti (Kaliforniyadan respublikaçı) ilə ölkədə defoltun qarşısının alınması məsələsini müzakirə etmək niyyətindədir. Prezident bu barədə jurnalistlərlə söhbətində bildirib. ABŞ dövlət başçısı borc maksimumunun artırılması ilə bağlı vəziyyətə dair məsləhətləşmələr barədə başqa təfərrüat açıqlamayıb.

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bu gün yüksək səviyyəli nümayəndə heyətinin başçılığı ilə İrana səfər etməyi planlaşdırır.

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk cavab matçı keçiriləcək. “İnter” “Milan”I qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qeyd edək ki, ilk oyun “göy-qara”ların 0-2 hesablı qələbəsi ilə başa çatıb.