İqtisadiyyat.az bu gün baş verməsi gözlənilən hadisələri sizə təqdim edir. 

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bu gün Azərbaycana səfər edəcək. Ş.Papuaşvili səfər çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubiley tədbirlərində iştirak edəcək. Gürcüstan parlament sədrinin həmçinin Bakıda bir sıra görüşləri də nəzərdə tutulub.

"Azəriqaz" İB-nin "Açıq mikrofon” aksiyası bu gün Masallı rayonunda Heydər Əliyev Mərkəzində keçiriləcək. Vətəndaşlar "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Bu gün saat 11:00-dan etibarən birinci siniflərinə şagird qəbulunda Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb seçimi) həyata keçiriləcək. Bu gün həmçinin saat 11:00-dan mayın 31-i saat 18:00-a qədər dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aparılacaq. Bakı Avropa liseyi, Respublika incəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat isə mayın 15-də saat 11:00-dan iyunun 27-də saat 18:00-a qədər həyata keçiriləcək.

Kənd Təsərrüfatı nazirliyi xəbər verir ki, Kəlbəcər və Laçın yaylaqlarına təsərrüfatların köçürülməsi ilə bağlı qeydiyyat bu gün başa çatır.

Bu gün Abşeron yarımadasında küləkli və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bu gün ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

Bu gündən etibarən Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey Ukrayna böhranının siyasi həllini bütün tərəflərlə müzakirə etmək üçün Ukrayna, Polşa, Fransa, Almaniya və Rusiya da daxil olmaqla beş ölkəyə səfər edəcək.