İqtisadiyyat.az bu gün baş verəcəyi gözlənilən bəzi hadisələri təqdim edir. 

Fövqəladə Hallar Nazirliyi bu günə olan hava şəraiti ilə bağlı əhaliyə müraciət yayıb. Bu gün axşamdan başlayaraq mayın 15-i səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, yağıntılı olacağı, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, şimşək çaxacağı, çaylarda sululuğun artacağı və bəzi çaylardan qısamüddətli daşqın keçəcəyi proqnozlaşdırılır. FHN əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Bu gün "Avroviziya 2023" mahnı müsabiqəsinin finalı baş tutacaq. Qeyd edək ki, ölkəmiz finala adlaya bilməyib. 

İtaliya prezidenti Serxio Mattarella bu gün Ukrayna prezidenti Volodimir Zelenskini qəbul edəcək. Ukrayna prezidentinin İtaliyanın baş naziri Corc Meloni ilə də görüşəcəyi gözlənilir. Vatikandakı mənbələrə görə, Zelenski mayın 13-də Papa Fransisk tərəfindən də qəbul oluna bilər.

Bu gün Türkiyənin "Beşiktaş" klubu Azərbaycanın “Sabah” klubu ilə Bakıda qardaşlıq matçına çıxacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 18:00-da başlayacaq.