İqtisadiyyat.az günün proqramını təqdim edir..

Dünən Zod istiqamətində erməni təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçumuz Orxan Novruzəlizadənin cənazəsi Ağstafa rayonunda yaşadığı evə gətirilib. Hazırda şəhidimizlə vida mərasimi keçirilir. Şəhid Orxan Novruzəlizadə bu gün saat 11:00-da Ağstafa Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Bu gün “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin rəsmi açılışı olacaq. Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. İclasın gündəliyinə 22 məsələnin müzakirəsi daxil edilib. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək.

Bu gün saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.

Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov bu gün Tərtər rayonunda ədliyyə fəaliyyəti ilə bağlı Tərtər, Ağdam və Bərdə rayonlarından olan vətəndaşları qəbul edəcək. 

Bu gün Bakının Nərimanov rayonu ərazisində yerləşən “Cümə” məscidində təmirdən sonra ilk dəfə Cümə namazı qılınacaq. Eyni vaxtda 600-ə yaxın insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. Qeyd edək ki, aprelin 20-də “Cümə” məscidinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

NASA-nın Reaktiv Sürət Laboratoriyasının yaydığı məlumata görə, bu gün 2023 HT4 asteroidi Yerin yanından keçəcək. Asteroid Yerdən təxminən 6,08 milyon km məsafədə uçacaq. Uzunluğu 76 metr olan asteroid saatda 32 min kilometrdən çox sürətlə hərəkət edir. NASA mütəxəssisləri adətən potensial təhlükəli astronomik obyektlərin statusunu onlar Yerə 7,5 milyon kilometrdən az məsafədə yaxınlaşdıqda və göy cisminin diametri 100-150 metrdən çox olsa verirlər. 2023 NT4 asteroidi bu meyarlara uyğun gəlmədiyi üçün potensial təhlükəli hesab olunmur.

Azərbaycan millisinin 2 boksçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib. İqtisadiyyat.az xəbər verir ki, yığma üzvlərindən Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) 1/4 final döyüşünü qələbə ilə başa vurub. Hər iki boksçumuz yarımfinala vəsiqə əldə etməklə, özləri üçün ən azı bürünc medalı da təmin ediblər. 1/2 final döyüşləri bu gün baş tutacaq.