İqtisadiyyat.az günün proqramını təqdim edir..

Bu gün 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Qəbul prosesi mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Belə ki, mayın 11-i saat 11:00-dan etibarən elektron portalda uşaqların qeydiyyatı, mayın 15-i saat 11:00-dan etibarən isə Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb seçimi) həyata keçiriləcək. 

Şuşada keçirilən “Xarıbülbül” beynəlxalq musiqi festivalı bu gün başa çatır.

Bu gün "Avroviziya-2023" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək. Qeyd edək ki, Azərbaycan finala adlaya bilməyib. Final isə mayın 13-də baş tutacaq. 

Milli Məclisin bir qrup deputatı prezident və parlament seçkilərini müşahidə etmək üçün bu gün Türkiyə Respublikasının Ankara və İstanbul şəhərlərinə səfər edəcəklər. Səfər çərçivəsində Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və deputatlar mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinə hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

Bu gün Göygöl Olimpiya İdman Kompleksində 13 yaşa qədər yeniyetmə cüdoçular arasında “Yaponiya-Azərbaycan Dostluğu” Səfir Kuboku keçiriləcək. Azərbaycan Cüdo Federasiyasından (ACF) verilən məlumata görə, turnir Gənclər və İdman Nazirliyinin, Göygöl Rayon İcra Hakimiyyətinin, ACF-in və Yaponiyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq. Yarışda 47 klub, cəmiyyət və idman təşkilatından olan 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq. 2012-2014-cü il təvəllüdlü yeniyetmələr arasında təşkil olunan turnirdə qızlar və oğlanlar 16 çəki dərəcəsində qalibləri müəyyələşdirəcəklər.

Bu axşam UEFA Avropa liqası və Konfrans Liqasında yarımfinalın ilk oyunları baş tutacaq. Yuventus-Sevilyanı qəbul edəcək. Digər İtaliya təmsilçisi Roma isə Bayer Leverkuzeni sınağa çəkəcək. Konfrans Liqasında finala çıxmaq uğrunda Fiorentina-Bazellə, Vest Hem-Az Alkmaarla mübarizə aparacaq. Bütün oyunlar 23:00-da başlayır.