İqtisadiyyat.az günün əsas hadisələrini təqdim edir..

Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır.

Bu gün İngiltərənin Liverpul şəhərində “Avroviziya” mahnı müsabiqəsi start götürür. “Avroviziya-2023”də Azərbaycanı “Tell me more” mahnısı ilə Tural və Turan Bağmanov qardaşları təmsil edir. Təmsilçilərimiz bu axşam 1-ci yarımfinalda çıxış edəcəklər. Onlar 12-ci nömrə altında səhnəyə çıxacaqlar. Avroviziyanın yeni qaydalarına əsasən, müsabiqədə iştirak etməyən ölkələr də bu il səsverməyə qatıla biləcəklər.

Bu gün Moskvada planlaşdırılan hərbi parad heç bir ixtisar olmadan keçiriləcək, Rusiya prezidenti Vladimir Putin orada çıxış edəcək. Prezidentin Kremldəki iqamətgahına hücum cəhdindən sonra mayın 9-da keçiriləcək hərbi parad zamanı əlavə təhlükəsizlik tədbirləri görüləcək.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bu gün Ukraynanın paytaxtı Kiyevə səfər edəcək. O, prezident Volodimir Zelenski ilə görüşüb, Avropa İttifaqının Ukraynaya dəstəyini təsdiqləyəcək. Xatırladaq ki, prezident Volodimir Zelenskinin fərmanına əsasən, Ukraynada hər il mayın 9-da Avropa Günü qeyd ediləcək. Səfər çərçivəsində Ukraynanın bərpası, Aİ-nin gələcək dəstəyinə dair məsələnin müzakirə olunacağı nəzərdə tutulub.

ABŞ bu gün Ukraynaya 1,2 milyard dollarlıq yeni hərbi yardım paketini elan edəcək. Paketə Hawk hava hücumundan müdafiə sistemləri, zenit sursatları və hava hücumundan müdafiə üçün pilotsuz təyyarələr daxildir. Rəsmi Kiyevə həmçinin artilleriya, raketlər, peyk görüntüləri, davamlı texniki xidmət maliyyəsi və müxtəlif sistemlər üçün ehtiyat hissələri də veriləcək.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Milli Məclisin deputatı Emin Hacıyev bu gün Rusiya Federasiyasının Ulyanovsk şəhərinə səfər edəcək. Burada Heydər Əliyevin xatirəsi anılacaq, Ulu Öndərin keçdiyi şərəfli ömür yolundan bəhs olunacaq, onun görkəmli dövlət və siyasi xadim kimi fəaliyyətinə nəzər salınacaq. Səfər mayın 11-də başa çatacaq.

Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həndbol üzrə XXIX Azərbaycan kubokuna start veriləcək. Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışda 7-si kişi, 5-i qadın olmaqla 12 komanda iştirak edəcək.

Bu gün Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin "Qarabağnamə" iki hissəli tamaşası nümayiş olunacaq. Səhnə əsəri saat 19:00-da başlanır. Biletlər 7-12 manat arasında dəyişir.

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək. İlk oyun günündə 1 matç keçiriləcək. "Real" "Mançester Siti"ni qəbul edəcək. Görüş saat 23:00-da başlayacaq. Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması mayın 17-i keçiriləcək.

Bu gün bəzi yerlərdə qısamüddətli az yağış yağacaq. Bakıda və Abşeronda hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-22° isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bölgələrdə havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti gözlənilir. Bəzi yerlərdə duman olacaq.