İqtisadiyyat.az günün proqramını təqdim edir..

Bu gün “Azəriqaz” İstehsalat Birliyinin (İB) rəhbərliyi Xızı rayonunda vətəndaş qəbulu keçiriləcək. qəbul saat 11:00-da Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutacaq, Xızı və Siyəzən rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

Bu gün ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq. Bu gün əsasən dağlıq və dağətəyi rayonlarda gecə və səhər saatlarında arabir duman olacağı, magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 500-800 m-dək məhdudlaşacağı ehtimalı var.

Milli Məclisin deputatı Erkin Qədirli Avropa Şurası Parlament Assambleyasının (AŞPA) konfransında iştirak etmək üçün bu gün İsveçrənin Bern şəhərinə səfər edəcək. Konfrans “Böhran dövründə seçkilər: çağırışlar və imkanlar” mövzusuna həsr olunub. Səfər mayın 11-də başa çatacaq.

Milli Məclisin bir qrup deputatı bu gün Fransanın Strasburq şəhərinə səfər edəcək. Səfər çərçivəsində Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev, nümayəndə heyətinin üzvləri Sevil Mikayılova və Nurlan Həsənov Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər. Səfər mayın 12-də başa çatacaq.

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev bu gün Pakistanın İslamabad şəhərinə yola düşəcək. Vitse-spiker burada Pakistan İslam Respublikası Konstitusiyasının qəbul olunmasının 50 illiyinə həsr edilmiş “Mənim Konstitusiyam – mənim azadlıqlarımın zəmanətidir” adlı beynəlxalq konfransda iştirak edəcək.

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Rusiya Federasiyasında keçirilən tədbirlərdə iştirak etmək üçün Milli Məclisin deputatları Mixail Zabelin və Rauf Əliyev bu gün bu ölkənin Həştərxan şəhərində səfərdə olacaqlar.

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın paytaxtı Moskvaya səfər edəcək. orada hökumət başçısı mayın 9-u, axşamadək qalacaq.

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və daha 11 nəfər barəsində cinayət işi məhkəməyə göndərilib. Prosesin ilk iclası bu gün baş tutacaq. İclas qapalı rejimdə keçiriləcək.