İqtisadiyyat.az bu gunə olan əsas hadisələri təqdim edir.

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq. bu münasibətlə qurumun inzibati binasında mətbuat konfransı keçiriləcək.

“Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Samux rayonunda keçiriləcək. Aksiya Samux şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında (YAP-ın inzibati binasının qarşısı) baş tutacaq. “Səyyar qəbul otağı” mayın 3-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Qlobal Qadınlar Sammitində iştirak etmək üçün bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfər edəcək. Tədbirdə qlobal və regional meqatrendlər, davamlılığın yenidən müəyyən edilməsi, qadın sahibkarlığının inkişafı, ailə biznesində yeni reallığa keçid, gender bərabərliyinin beynəlxalq göstəricilərinin təmin edilməsi, enerji sahəsində qadınların fəaliyyəti, rəqəmsal transformasiya və əməyin gələcəyi, qadınlara məxsus müəssisələrin maliyyələşdirilməsi üçün yeni şərtlər və digər məsələlərlə bağlı müzakirələr aparılacaq. Səfər mayın 7-də başa çatacaq.

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin rəhbərlik etdiyi nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM ) 30 illiyinə həsr olunmuş Zirvə toplantısında, təşkilatın plenar sessiyasında, həmçinin Büro və Daimi komitə iclaslarında iştirak etmək üçün bu gün Türkiyənin Ankara şəhərinə səfər edəcək. Nümayəndə heyətinə deputatlardan - Milli Məclisin QDİƏTPM-dəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, komitə sədri Musa Quliyev, Kamran Bayramov, Jalə Əhmədova, Ramin Məmmədov, Elşad Mirbəşir oğlu və digər şəxslər daxildirlər.

Bu gün riyaziyyat fənni üzrə respublika fənn olimpiadasının final turu keçiriləcək.

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə bu gündən mayın 5-i də daxil olmaqla 3 gün ərzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı bədii qiraət müsabiqəsi keçiriləcək. Tədbir Azərbaycan Teatr Xadimləri İttifaqının böyük zalında gerçəkləşəcək.

Mərkəzi bank bu gün faiz dəhlizinin parametrlərini açıqlayacaq. 

Bu gün Trendyol-un Azərbaycan internet saytı fəaliyyətə başlayacaq. 

Bu gün ABŞ hakimiyyəti Ukraynaya yeni silah və hərbi texnika tranşı ilə bağlı rəsmi açıqlama verəcək. Bu barədə "Politico" öz mənbələrinə istinadən xəbər verib. Bildirilib ki, növbəti hərbi yardım paketinin dəyəri 300 milyon dollar təşkil edəcək.

Ukrayna limanlarından taxılın Qara dənizdə təhlükəsiz dəhliz vasitəsilə ixracına dair danışıqlar planlaşdırılır.Bundan əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar ölkəsi, Ukrayna və Rusiya nümayəndələrinin yaxın günlərdə nazir müavinləri səviyyəsində taxıl sazişini müzakirə edəcəklərini bildirmişdi.

İran Prezidenti İbrahim Rəisi bu gün Suriyaya səfər edəcək. Rəisi iki günlük səfər zamanı Suriya Prezidenti Bəşər Əsədlə iki ölkə arasında strateji əməkdaşlığın, xüsusilə də iqtisadi əməkdaşlığın gücləndirilməsi ilə bağlı rəsmi danışıqlar aparacaq.