"Banklar haqqında” Qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü ildən etibarən ləğv edilib. Bu xəbər həmişə aktual olan bir sualı yenidən gündəmə gətirdi: “lisenziyası ləğv edilən banka olan kredit borclarının aqibəti necə olur?”

Mövzu ilə bağlı İqtisadiyyat.az-ın suallarını cavablandıran iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, insanlar arasında yayılan “bank bağlanırsa, borc da batır” fikri yanlışdır: “Bağlanan banka kredit borcu olanların rejimində hər hansı dəyişiklik olmur. Adi qaydada qrafiklərinə uyğun olaraq borclarını ödəməlidirlər. Ödəməsələr, borc müqaviləsində nəzərdə tutulan bütün sanksiyalar onlara tətbiq ediləcək. Burada bank bağlanmır, sadəcə lisenziyası ləğv olunur. O, adi hüquqi şəxs kimi fəaliyyətini davam etdirəcək”. 

X.Kərimli nəinki borcun, heç bankdan alacağınız əmanətin də təhlükə altında olmadığını bildirib: “Borcla yanaşı, bankdan alacağınız da batmır. Əgər sığortalıdırsa, o pulu bankın əvəzinə hökumətdən ala bilirsiniz. Sonra müvafiq qurum onu bankdan tələb edir”.