Azərbaycanın aparıcı tikinti şirkəti - "Azvirt" MMC qanunvericiliyin tələblərindən birini pozub.

İqtisadiyyat.az xəbər verir ki, buna görə də Dövlət Gömrük Komitəsi şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmə işi hakim Hüseyn Hüseynlinin sədrliyi ilə araşdırılacaq.

Şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycanın müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Burada “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür

Xatırladaq ki, "Azvirt" 1995-ci ildə “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserni, Bakı Şəhər İcra Hakimiyyəti və Almaniyanın "Virtgen İnternational Gmbh" şirkətinin iştirakı ilə müvafiq olaraq mülkiyyətin 11%, 40% və 49% bölüşdürülməsi əsasında Azərbaycan-Almaniya Birgə Müəssisəsi kimi təsis edilib. 2004-cü ildə şirkət MMC kimi yenidən qeydiyyatdan keçib və özəlləşdirilib. Onun nizamnamə kapitalı 129 min manatdır. Şirkətin təsisçiləri müvafiq olaraq 30% və 20% payla Almaniyanın "Martin Beteiligungs GmbH & Co KG" və "Walz GmbH & Co KG" şirkətləri, 25% payla Azərbaycan vətəndaşı Elnur Əliyev və 25% payla Lüksemburqun “Falcom Holding”idir.

İlk öncə Bakıda yol tikintisi ilə məşğul olan "Azvirt" zaman keçdikcə yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkətə çevrilib. Kommersiya qurumu Azərbaycanla yanaşı, Serbiya, Qırğızıstan, Ukrayna və Bosniyada fəaliyyət göstərir.