"Ötən ilə nisbətən yumurtanın qiyməti 9 qəpik azalıb".

Bunu İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli deyib.

O bildirib ki, hazırda da yumurtanın qiymətinda artım yoxdur və bahalaşma gözlənilmir: "Yumurtanın qiyməti keçən ilə nisbətən bu gün 9 qəpik ucuzdur. Məsələn, ötən il 17 qəpiyə satılan yumurtanın qiyməti bu gün 8 qəpikdir".

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında quşçuluq müəssisələrində 296,6 milyon ədəd yumurta istehsal olunub. Ötən ilin eyni dövründə bu rəqəm 269,4 milyon ədəd olub. Bu ilin üç ayında hər yumurtlayan toyuqdan orta hesabla 73 ədəd yumurta alınıb.

Xatırladaq ki, Azərbaycandan Rusiyaya yumurta ixracı davam edir. Rusiya Azərbaycandan bu məhsulun idxalına ötən ilin noyabrında qərar verib və ilk tədarük dekabrın ikinci yarısında olub. Rusiyanın Nazirlər Kabineti yanvarın 1-dən iyunun 30-na qədər 1,2 milyard yumurtanın rüsumsuz idxalına icazə verib. Rusiyaya yumurta ixrac olunmasına baxmayaraq, ölkəmizdə yumurta ehtiyatı da kifayət qədərdir.

Sadiq Cavadov