Ötən gün Azərbaycan Mərkəzi Bankı (AMB) banklar arasında şikayət indeksini açıqlayıb. Məlumata görə, ən çox şikayət edilən bank 6,22 indeksi ilə "Bank of Baku" seçilib. "Bank BTB" siyahıda ikinci (5,18 indeksi), "Yapı Kredi Azərbaycan" isə üçüncü (4,17indeksi) olub. Bank VTB Azərbaycan, Expressbank, Bank Avrasiya, Yelo Bank, Unibank da ən çox şikayət olunan banklar arasında ilk onluqda qərarlaşıb.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov İqtisadiyyat.az-a açıqlamasında deyir ki, şikayət olunan banklar daha çox pərakəndə bankçılıqla məşğul olanlardır.

Onun sözlərinə görə, vətəndaşlar bəzən haqlı, bəzən isə haqsız yerə banklardan şikayətlənir. Ə.Həsənov bildirib ki, əksər hallarda şikayətlər kreditlə bağlı olur:

"Məsələn, kredit borcunu düz saymayıb və daha çox pul tutulub, yaxud əvvəlcədən bankdan düzgün məlumat verilməyibmiş kimi şikayətlər edilir. Bəzən isə vətəndaşlar tərəfindən haqsız şikayətlərə də rast gəlinir. Məsələn, bank mənə güzəşt etmədi və s. halbuki qanunla bank güzəşt etməyə də bilər. Amma əksər hallarda vətəndaşların şikayətləri haqlı olur. Ümumilikdə, pul köçürmələri, hesabdan pulun itməsi, pulun müvafiq ünvana çatmaması, əmanət və faizlərlə bağlı şikayətlər edilir".

Sadiq Cavadov