Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 105,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106,7%, qeyri-ərzaq məhsulları üzrə 104,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105% təşkil edib.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, okyabr ayında isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 101,6%, ötən ilin oktyabr ayına nisbətən 110% olub. O cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 102,8%, ötən ilin oktyabr ayına nisbətən isə 113,1% təşkil edib.

Ay ərzində ayrı-ayrı ərzaq məhsullarından daha çox artım qarabaşaq yarmasının, peçenyenin, makaron məmulatlarının, unun, düyünün, kolbasa məmulatlarının, toyuq, mal və qoyun ətinin, təzə balığın, kəsmiyin, xamanın, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, kərə-günəbaxan yağlarının, süfrə marqarininin, üzümün, bananın, armudun, pomidorun, xiyarın, badımcanın, bibərin, kələmin, kartofun, soğanın, sarımsağın, mərcinin, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, təbii balın, çay, qəhvə və kakao tozunun, kola içkisinin, arağın, azalma isə əsasən naringinin, limonun, kivinin, narın, heyvanın, xurmanın, almanın, balqabağın, çuğundurun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin oktyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 106,7 faiz təşkil etmişdir. Cari ilin oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma dəftərxana ləvazimatlarının, xalçaların, zərgərlik məmulatlarının, inşaat materiallarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, geyim və ayaqqabıların, mebellərin, məişət cihazlarının, ucuzlaşma isə planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2021-ci ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 108,4 faiz təşkil etmişdir. Cari ilin oktyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma paltar, ayaqqabı, mebel, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.