İran İslam Respublikasında səfərdə olan energetika naziri Pərviz Şahbazov bu ölkənin energetika naziri Əli Əkbər Mehrabian ilə görüşüb. Məhdud və geniş tərkibdə keçirilən görüşlərdə iki ölkə arasında elektroenergetika sahəsində aktual əməkdaşlıq məsələləri müzakirə edilib.

Energetika Nazirliyindən İqtisadiyyat.az-a bildirilib ki, nazirlər Araz çayı üzərində “Xudafərin” və “Qız-Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi layihəsinin icra vəziyyəti, həmçinin Birgə Texniki Komissiya və İşçi Qrupu çərçivəsində həyata keçirilən proseslərə dair fikir mübadiləsi aparıblar. Hidroqovşaqlar üzrə işlərin tamamlanma mərhələsində olmasından məmnunluq ifadə edilib, tezliklə “Xudafərin” və “Qız-Qalası” hidroqovşaqlarının açılış mərasiminin keçiriləcəyi bildirilib. Həmçinin elektrik stansiyalarının inşası ilə bağlı məsələlərin tezləşdirilməsinin vacibliyi vurğulanıb, prosesin sürətləndirilməsi razılaşdırılıb. Su ehtiyatlarından istifadə, həmçinin tarixi “Xudafərin” körpülərinin bərpası, qorunması və saxlanması üzrə İran tərəfi ilə birgə tədbirlərlə bağlı məsələlər müzakirə edilib.

Görüşdə Araz çayı üzərində 36 meqavat gücündə Ordubad SES-in inşasını sürətləndirəcək tədbirlərin görülməsi, həmçinin Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi üzrə əməkdaşlığın hazırkı vəziyyəti nəzərdən keçirilib. Qısa müddətdə üçtərəfli görüşün keçirilməsi qərara alınıb. Söhbət zamanı elektrik enerjisinin mübadiləsi, həmçinin tranziti üzrə əməkdaşlığın genişləndirilməsi də müzakirə olunub. Əməkdaşlıq gündəliyində olan prioritet layihələrin inkişafı istiqamətində qarşılıqlı səylərin gücləndirilməsi razılaşdırılıb.

Yekunda görüşün nəticələrinə dair mətbuat konfransı keçirilib.

 

***

12:57

Tehranda Azərbaycan, İran və Rusiya enerji körpüsünün yaradılması məsələsi müzakirə olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Qeyd edək ki, müzakirələr Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov İrana səfəri çərçivəsində baş tutub.

“Tehranda həmkarım Əli Əkbər Mehrabian ilə iki ölkənin enerji əməkdaşlığının inkişafı ilə bağlı məhdud və geniş tərkibdə səmərəli görüşümüz oldu. “Xudafərin” və “Qız Qalası” hidroqovsaqları və su elektrik stansiyasıları, “Ordubad” SES layihələrinin icrası, Azərbaycan, İran və Rusiya enerji körpüsünün yaradılması, elektrik enerjisinin mübadiləsi, tranziti, habelə tarixi Xudafərin körpüsünün bərpası məsələlərini müzakirə etdik”, - paylaşımda qeyd olunur.

Qeyd edək ki, müzakirələr Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov İrana səfəri çərçivəsində baş tutub.