Azərbaycan növbəti dəfə Formula-1 yarışlarına ev sahibliyi etdi. Ötən həftənin son günlərində Bakıda böyük bir coşqu yaşandı. Rəsmi məlumatlara görə, yarışın ilk günü dünya mediasında Bakı haqqında 5 min məqalə dərc edilib. Bu məqalələrin əksəriyyəti pozitiv, bir qismi isə neytral mövqedə olub. Bütün bunları qiymətləndirən mütəxəssislər hesab edirlər ki, yarış Azərbaycanın dünyaya tanıdılması, Bakı haqqında məlumatların beynəlxalq səviyyədə yayılmasında böyük rol oynayıb.

Sosial şəbəkələrdə yaradılan haştaqlara diqqət etdikdə onu da görmək olur ki, dünya ölkələrində olan Formula 1 azarkeşləri Bakı trekinin həddindən artıq maraqlı olduğunu bildirirlər. Onların rəyləri arasında belə bir fikir də var ki, Bakıda keçirilən sərbəst yürüşlər, bütövlükdə Çin Qran-Prisindən daha maraqlı oldu.

Bəs Azərbaycan iqtisadi baxımdan bu yarışlardan daha nə qazandı?

Əvvəlcə onu qeyd edək ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov sponsorların cəlb olunması və yerli biznesin layihədə iştiraka inteqrasiyasından bəhs edərək, aşağıdakıları bildirib: “Azərbaycan Qran-Prisinin podratçılarının 95 faizi yerli şirkətlərdir. Yerli biznes Azərbaycan Qran-Prisinə inteqrasiya edir. Onların bəziləri ilə birbaşa, digərləri ilə dolayısı yolla işləyirik. Məsələn, Qran-Pri günlərində hotellər tamamilə dolu olur ki, bu da dolayısı ilə qarşılıqlı fəaliyyətdir. Bundan başqa, bu il SOCAR şirkəti titullu sponsorumuz oldu. Biz həmçinin yerli rabitə operatorunu da cəlb etmişik, o, belə desək, dəstək sponsoru olub. Konsertlərə də sponsorları cəlb edirik. Digər tərəfdən, bizim yarımdolayı tərəfdaşlarımız da var. Çoxlu sayda podratçılarımız mövcuddur və onların 95 faizi yerli şirkətlərdir. Bu da onlara layihədə iştiraka kömək edir”.

A.Rəhimov əlavə edib ki, sərbəst yerləşmə zonasında yerli kafe və restoranlar fəaliyyət göstərir və bunun sayəsində onlar əlavə inkişaf imkanlarına malik olur, habelə özlərini yürüşə gələn qonaqlara göstərmək şansı əldə edirlər.

2018-ci ildə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Formula 1 yarışlarının iqtisadiyyata göstərdiyi təsirlərə dair aparılmış araşdırmanın nəticələrinə dair hazırlanmış hesabatda qeyd edib ki, indiyədək Bakıda keçirilmiş Formula 1 yarışları ölkənin iqtisadiyyatına ümumilikdə 277,3 milyon dollar gəlir gətirib.

Hesabatda 277,3 milyon dollar olaraq göstərilən yekun məbləğ yarışlar ərəfəsində F1 ilə əlaqədar olaraq Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edib. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, hotel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.

Birbaşa gəlirlərdə əsas yeri turizm sektoru tutur ki, Bakıda baş tutmuş iki Qran Pri ərəfəsində qeydə alınmış birbaşa gəlirlərin 22,7 milyon dolları məhz bu sektorun payına düşür. Sözügedən dövr ərzində ümumilikdə birbaşa gəlirlər 164,2 milyon dollar təşkil edib ki, bu rəqəmə F1 ilə əlaqədar Bakıya gələn qonaq və yarış iştirakçılarına mehmanxana, restoran, nəqliyyat və s. istiqamətlər üzrə təqdim olunmuş məhsul və xidmətlər, həmçinin bu məhsul və xidmətlərlə birbaşa əlaqəda yaranmış digər gəlirlər daxildir. 

Rəsmi məlumatlara görə, ildən-ilə xərclər azalır, gəlirlər isə artır. Bu il Azərbaycanın nə qədər qazanması ilə bağlı hələ ki rəqəmlər açıqlanmayıb. Lakin “Yeni Müsavat”ın yarışda iştirak edən reportyor qrupu kimi qeyd edə bilərik ki, Qran-Pri zamanı boş yer tapmaq çox çətin idi. Xüsusilə də xarici vətəndaşlar yarışı seyr edir, Bakı bulvarında gəzir, yaradılan şəraitdən faydalanırdılar.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz məqaləsində yarışın Azərbaycana verdiyi fayda ilə bağlı bildirmişdi ki, Formula 1 onlarla ölkədə nümayiş etdirilir, bütün dünyada 500 milyonluq izləyici auditoriyasına malikdir: “Təbii ki, ildən-ilə ölkəmizə gələn turistlərin sayının artmasında bu yarışmanın böyük payı vardır. Bundan başqa, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində 113 daimi işçi çalışır, yarışlar yaxınlaşdıqca işə cəlb olunanların sayı artır və təxminən min nəfəri ötür...”

Prezidentin köməkçisi yazırdı ki, 2018-ci ildə Formula 1 Azərbaycan Qran-prisində ümumilikdə 94 min tamaşaçı iştirak edib: “...Statistikaya əsasən, 2016-cı ildə bu yarışlara 5 min, sonrakı illərdə isə 3 min könüllü cəlb edilib. Sevindirici haldır ki, gənclərimiz könüllülük hərəkatına böyük həvəslə qoşulur və ötən 4 il ərzində könüllü olmaq üçün müraciət edənlərin sayı 50 min nəfəri ötüb. Onu da qeyd etmək istərdim ki, Formula 1-i izləmək üçün ölkəmizə gələn xarici turistlərin, avtomobilsevərlərin sayında da ildən-ilə ciddi artım müşahidə olunur. Builki yarışmanı izləmək üçün 78 ölkədən avtoidman həvəskarı Azərbaycana təşrif buyurub”.

“Yeni Müsavat”a danışan iqtisadçı Fikrət Yusifov söyləyib ki, ilk illərdən fərqli olaraq, sonrakı illərdə yarışlar Azərbaycana gəlir gətirməyə başladı:

“Yarışların bir çox ölkələrə yayımlanması, reklamların verilməsi hamısı gəlirdir. Bütün bunlar eyni zamanda Azərbaycanın təbliği və təqdimatı deməkdir və turistlərin ölkəmizə cəlb edilməsi üçün bir vasitədir. Rəsmi rəqəmlərdə göstərilənə görə, Azərbaycan ötən illərdə 500 milyon manata qədər bu yarışlardan vəsait əldə edib. Hesab edirəm ki, bunu normal gəlir kimi dəyərləndirmək mümkündür. Təbii ki, burada xərclərə də baxmaq lazımdır. Biz müşahidə etdik ki, SOCAR-ın da yarışlarda reklamı gedirdi. Reklam bu cür şirkətlər üçün çox önəmli bir məsələdir. Baxırıq ki, hətta tanınmış futbol klubları belə özlərini reklama vəsait xərcləyirlər. Ona görə də söyləmək olar ki, bu şirkətlərin reklamlarının yayımlanması, dünyada həmin şirkətlərin piarı baxımından da önəmlidir”.