“İnvest-AZ İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbini pozub. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. 

Mərkəzi Bankdan qeyd edilib ki, aparılmış kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin (İXM) 598.1.1-ci maddəsinə müvafiq olaraq “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi Sabunçu Rayon Məhkəməsi tərəfindən 4 min manat məbləğində cərimə edilib. 

İXM-nin sözügedən maddəsinə əsas investisiya şirkəti hər bir müştəri və əməliyyata görə müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət etməyib.

İqtisadiyyat.az məsələ ilə bağlı “İnvest-AZ İnvestisiya Şirkəti”nə sorğu ünvanlayıb. Sorğuya cavabda bildirilib ki, “İnvest-AZ İnvestisiya Şirkəti” maliyyə bazarlarının tənzimləyici orqanı olan Mərkəzi Bankın qərarlarına hörmətlə yanaşır və daim sıx əməkdaşlıq edir. Qeyd edilib ki, bununla bağlı yanvar ayında məhkəmə prosesi keçirilib və şirkət təyin olunan cəriməni ödəyib.

Məlumatda həmçinin vurğulanıb ki, Mərkəzi Bank bütün maliyyə təşkilatlarında, o cümlədən banklar, sığorta şirkətləri ilə yanaşı investisiya şirkətlərində də vaxtaşırı hərtərəfli yoxlamalar aparır.

Qeyd edilib ki, bu yoxlamalar zamanı investisiya şirkətinin müəyyən vaxt ərzində apardığı bütün əməliyyatlar yoxlanılaraq qanunvericiliyə uyğunluğu müəyyən olunur: "İnvest-AZ" şirkəti üzrə yoxlama zamanı minlərlə müştəri və onların yüz minlərlə əməliyyatlarının yoxlanılması nəticəsində sözügedən qanunun texniki səbəblərdən pozulması müəyyən edilmişdir. Şirkət bunun aradan qaldırılması ilə bağlı bütün tədbirləri görmüş və bu haqda Mərkəzi Bankı məlumatlandırmışdır. Sözügedən tədbirlər şirkətin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət etməkdədir və şirkət üçün hər hansı bir risk yaratmamaqdadır. Şirkət fəaliyyətində daim yeniliklər edərək inkişaf edir və müştərilərinə daha yüksək səviyyədə xidmət vermək üçün hər keçən gün səylərini artırır. Belə ki, yanlız keçən il şirkətin beynəlxalq əməkdaşlıqlarının sayı, o cümlədən texniki infrastrukturunun təkmilləşdirilməsi istiqamətində bir çox işlər görülmüşdür. Şirkətimiz ən yaxın zamanda müştəriləri və ictimaiyyəti öz yenilikləri ilə sevindirəcəkdir".