Avropa İttifaqı (Aİ) ölkələri 10 hüquqi və fiziki şəxsin İrana qarşı sanksiyalar siyahısına daxil edilməsinə razılıq verib.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" məlumat yayıb.

Məlumata görə, bu qərar İranın Yaxın Şərqdəki silahlı hərəkətləri, Qırmızı dəniz regionunda iğtişaşlarda iştirakı və Rusiyanın Ukraynadakı münaqişəyə dəstəyi ilə bağlıdır.

Sanksiyaların tətbiqinin dəqiq tarixi barədə məlumat verilmir.

Avropa diplomatiyasının rəhbəri aprelin 22-də Avropa İttifaqı Şurasının iclasının yekunları üzrə bildirib ki, assosiasiya ölkələri İranın raket və dron istehsalçılarına qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı siyasi razılıq əldə ediblər. Bu qərar Aİ Şurası tərəfindən rəsmiləşdirildikdən sonra Brüssel Tehrana qarşı yeni sanksiyalar tətbiq edə biləcək.