İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə "Ağcabədi Taxıl Aqropark"a mediatur təşkil olunub.

İqtisadiyyat.az-ın Ağcabədiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, KİV nümayəndələri aqroparkda pambıq səpini, pambıq və qarğıdalı cərgəarası becərmə işləri və ərik bağında gedən məhsul yığımı prosesi ilə tanış olublar.

Media nümayəndələrinin "Ağcabədi Taxıl Aqropark"la tanışlığı zamanı bildirilib ki, aqroparkın ərazisində arpa, buğda, qarğıdalı, pambıq, günəbaxan və s. bitkilər becərilir. Aqroparkda, həmçinin 115 hektar sahədə intensiv badam bağı salınıb. Suvarma mənbəyi kimi Yuxarı Qarabağ kanalından istifadə olunur. Əkin sahələrinin suvarılmasında müasir metodlardan istifadə edilir. Aqroparkın emal sahəsi gündəlik gücü 150 ton olan yem zavodundan və 100 ton olan yem paketləmə xəttindən ibarətdir. Burada, həmçinin 26 min kubmetr həcmində müasir taxıl və 12 min kubmetrlik silos anbarları yaradılıb. Gücü saatda 50 ton olan qurutma sahəsində dənli bitkilərin qurudulması üçün müasir avadanlıq quraşdırılıb. Aqroparkın texnika parkı 30 traktor və kombayndan, eləcə də 86 aqreqatdan ibarətdir. Ümumi dəyəri 35 milyon manat olan aqroparkın yaradılmasına İqtisadiyyat Naziriliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 9,8 milyon manat güzəştli kredit verilib. Burada 41-i daimi olmaqla 150 iş yeri yaradılıb.

Ümumilikdə diqqətə çatdırılıb ki, dövlət başçısının 2021-ci il 21 dekabr tarixli Fərmanı ilə “Aqroparklar haqqında Nümunəvi Əsasnamə” təsdiq edilib. Bu Əsasnamənin tələblərinə uyğun olaraq İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən ölkədə mövcud olan aqroparkların  reyestrinin aparılması istiqamətində işlərə başlanıldı. 2023-cü ilin əvvəlindən etibarən aqroparkların qeydiyyata alınması prosesinə start verilib və onlara qeydiyyat şəhadətnamələri təqdim edilib. İndiyədək 22 rayon üzrə 66 min ha ərazidə 24 aqropark qeydiyyata alınıb, bunlardan 22-si özəl, 2-si isə dövlət statuslu aqroparklardır.

24 aqroparkdan 22-si artıq fəaliyyətə başlayıb, 2 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır.

Qeydiyyata alınan aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik (əsasən birillik əkinlər), 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb.

Bu 24 aqroparkın ümumi layihə dəyəri 1.2 milyard manat təşkil edir. Bununla yanaşı aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 153.5 milyon manat dövlət dəstəyi göstərilib. Belə ki, indiyədək 15 aqroparkın yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 137 milyon manat güzəştli kredit ayrılıb, həmçinin investisiya təşviqi sənədi verilmiş 17 aqropark tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16.5 milyon manat dəyərində güzəşt əldə edilib.

Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. 2023-cü ildə qeydiyyata alınmış aqroparklarda 2700 nəfərdən çox insan daimi işlə təmin edilib, 4300 nəfərdən çox insan isə mövsümi işlərə cəlb edilib. Gələcəkdə əlavə 1600-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Aqroparklarda 96 milyon manat dəyərində məhsul satışı həyata keçirilib.

Aqroparklarda suvarılan əkinlərin 73%-i müasir suvarma sistemlərinin tətbiqi ilə aparılır.

Fəaliyyətə başlamış aqroparklardan 5-i ətlik və südlük istiqamətli heyvandarlıq məhsulları istehsal edir. Sözügedən 5 aqroparkda 2023-cü ildə 36.1 min ton süd və 1.3 min ton ət istehsal olunub.

Sadiq Cavadov