Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatına start verilib.

"Operativ Media" xəbər verir ki, ilk gündə xalça üzərinə yunan-Roma güləşçiləri çıxıblar.

Gün Azərbaycan güləşçiləri üçün uğurlu olub. Belə ki, 55 kq-da mübarizə aparan Rəşad Məmmədov gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumiaya 5:1 hesabıyla qalib gələrək Avropa çempionatının finalına yüksəlib.

Eyni nəticəni Murad Məmmədov (63 kq) da göstərib. O, rusiyalı Ənvər Allahyarova (AİN) xalların keyfiyyətinə görə (3:3) qalib gələrək 6 illik fasilədən sonra yenidən Avropa çempionatının həlledici görüşünə vəsiqə qazanıb.

Azərbaycanın 87 kq-da mübarizə aparan təmsilçisi İslam Abbasov yarımfinalda Serbiya təmsilçisi Aleksandr Komarova 1:3 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

Beka Kandelaki (130 kq) final yolunda türkiyəli Rza Kayalpa xalların keyfiyyətinə (2:2) görə məğlub olub və bürünc medal şansını saxlayıb.

Final və üçüncü yer uğrunda həlledici görüşlər sabah baş tutacaq