Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov Amerika Birləşmiş Ştatlarının Men ştatınında fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə İqtisadiyyat.az-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətinin səfərinin məqsədi müharibədən sonrakı dövrdə mina təhlükəsi ilə bağlı real vəziyyət ətrafında fikir mübadiləsinin aparılmasıdır.

Amerika Birləşmiş Ştatlarının Men ştatının rəsmiləri, o cümlədən, ictimaiyyətinin nümayəndələrindən ibarət heyəti ilə keçirilən görüşdə Agentliyin yaradılma tarixi, ümumi fəaliyyət istiqamətləri, işğaldan azad olunmuş ərazilərdəki mövcud mina problemi, minaların insan həyatına, ətraf mühitə törətdiyi fəsadlar və onların aradan qaldırılması istiqamətində icra edilən humanitar minatəmizləmə əməliyyatları barədə məlumat verilib.

Görüşdə tərəflər işğaldan azad edilmiş ərazilərdə əlaqəli şəkildə aparılan bərpa-yenidənqurma fəaliyyəti, mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq perspektivləri, eləcə də minatəmizləmə sahəsində yerli və beynəlxalq təşkilatların mümkün iştirakı barədə müzakirələr aparıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.